CƏMİYYƏT
Bakı sakinlərinin "yaralı yeri"
ilə mübarizə başladı, ilk həmlə
baş tutdu
Qanunsuz fəaliyyət göstərən taksi sürücülərinə qarşı reyd keçrilib
Bu gün Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları "20 Yanvar" metrostansiyası yaxınlığında, fərqlənmə nişanı olmayan və qanunsuz fəaliyyət göstərən taksi sürücülərinə qarşı reyd keçiriblər.
Sputnik Azərbaycan-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, reyd zamanı ərazidəki onlarla taksi sürücüsünün sənədləri yoxlanılıb. Məlum olub ki, ərazidə fəaliyyət göstərən taksilərin 70 faizinin fərqlənmə nişanı yoxdur və həmin taksi sürücülərinə xəbərdarlıq edilib.
BŞBPİ DYPİ-nin zabiti, polis baş leytenantı Elçin Səfərzadənin sözlərinə görə, son zamanlar DYP-yə çoxsaylı müraciətlər daxil olur: "Xüsusən, "20 Yanvar" metrostansiyası və müxtəlif metrostansiyaların ətrafında yaşayan sakinlər, habelə ərazidən keçən sürücülər bu problemdən narahatdırlar".
"Səhər saat 5.00 — 6.00 radələrindən insanları yığmaq üçün yüksək səslə çağırır, nəlayiq ifadələr işlədir və qeyri-etik hərəkətlər edirlər. Tərəfimizdən aparılan reyd zamanı məlum oldu ki, burada fəaliyyət göstərən taksi sürücülərinin 70 faizi fərqlənmə nişanı olmadan fəaliyyət göstərir" — deyə E.Cəfərzadə bildirib.
Reyd zamanı müəyyən edilib ki, bir çox nəqliyyat vasitələri texniki cəhətdən nasaz və səliqəsiz idarə olunur. Bundan başqa, xarici ölkələrdən gətirilən və burada dövlət qeydiyyatından keçməyən xarici dövlət qeydiyyat nişanı ilə qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürcülər də aşkar edilib.